İQTİSADİYYAT
Salyanda 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Salyan, 2 noyabr (AZƏRTAC). Salyan Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov bildirmişdir ki, bu dövrdə rayonda məhsul istehsalının həcmi 9,3 faiz artaraq 124 milyon 44 min manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 535 min manat çoxdur.
Doqquz ayda sənaye məhsullarının həcmi 11,4 faiz, pərakəndə ticarət dövriyyəsi 9,5 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 9,7 faiz, rabitə xidmətinin həcmi 12,8 faiz, əsas kapitala yönəldilən investisiyanın həcmi 6 dəfə artaraq 62 milyon 492 min manat təşkil etmişdir. Bu dövrdə 856 iş yeri yaradılmışdır ki, bunun da 408-i daimidir. Keçirilən “əmək yarmarka”sında 72 nəfər işlə təmin olunmuşdur.
Qaraçala qəsəbəsində yerləşən “Hacı-Camalxan” kəndli-fermer təsərrüfatında sutkalıq istehsal gücü 155 ton olan konserv zavodu, rayonun Dayıkənd kəndində “Aqrolizinq” ASC-nin Salyan filialı istifadəyə verilmişdir. Çuxanlı kəndində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kredit vəsaitlərindən istifadə etməklə 10 min 700 və 5 min tonluq soyuducu anbar kompleksləri istifadəyə verilmişdir.
Mal-qaranın sayı 1,6 faiz artaraq 61 min 27 başa, davarların sayı 184 min 101 başa çatdırılmış, 56 min 111 ton ət, 30 min 20 ton süd, 325,3 ton yun istehsal edilmişdir.
Ötən dövrdə rayonda sosial məsələlərin həllinə diqqət artırılmış, bir sıra yeni obyektlər istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli bina, Abadkənd və Parça Xələc kəndlərində yeni poçt şöbəsi tikilmişdir. XIX əsrin tarixi abidəsi olan Cümə məscidində təmir-bərpa işləri başa çatdırılmışdır. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların Texniki Yaradıcılıq Mərkəzi və Uşaq Kitabxanası üçün yeni binanın tikintisi başa çatmışdır. Ərazidə abadlıq işləri aparılır.
Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının inzibati və yataqxana binasının əsaslı təmiri başa çatmaq üzrədir. Uzunluğu 23,5 kilometr olan Kürsəngi-Yolüstü avtomobil yolunda tikinti işləri davam etdirilir.
Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə rayonun Qaraçala qəsəbəsində, Arbatan, Yolüstü və Kərimbəyli kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi başa çatdırılmışdır.
Yığıncaqda çıxış edənlər bu ilin doqquz ayında görülmüş işlərdən, qazanılmış uğurlardan ətraflı söhbət açmış, rayonun sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.