REGİONLAR
Salyanda bu mövsüm 4 min hektardan çox sahəyə çiyid səpilməsi nəzərdə tutulub
Salyan, 29 aprel, Mahir Babayev, AZƏRTAC
Salyanda çiyid səpini uğurla davam edir. Rayonda bu mövsüm 4 min 788 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin başlayandan bu günə kimi rayon üzrə 1526 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində 350-400 hektar sahədə çiyid səpini aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfi dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstərirlər. Əkinçilərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinlikləri operativ şəkildə aradan qaldırmaq məqsədilə təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət xüsusi qərargah yaradılıb.
Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı fermerlərin bu sahəyə olan marağını ilbəil artırıb. Hazırda rayonda iri fermerlərlə yanaşı, 4-5 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.
Qeyd edək ki, ötən il rayonda 7 min 55 hektar sahədə pambıq əkilib və 10 min 356 ton xam pambıq tədarük olunub.