REGİONLAR
Salyanda silosluq qarğıdalı biçiminə start verilib
Salyan, 22 sentyabr, Mahir Babayev, AZƏRTAC
Son illərdə Salyanda ət və süd istehsalı nəzərəçarpacaq dərəcədə yüksəlib. Məhsuldarlığın artmasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə yanaşı, etibarlı yem bazasının yaradılması da mühüm əhəmiyyət kəsb edir. İndi mal-qaranın yem rasionunda quru ot, küləş, yonca ilə yanaşı, silosluq qarğıdalıdan hazırlanan senaj da mühüm yer tutur.
AZƏRTAC xəbər verir ki, bir neçə həftədir rayonda silosluq qarğıdalı biçiminə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı heyvandarlıq komplekslərinə daşınır. Qeyd edək ki, ötən ilə nisbətən bu il rayonda silosluq qarğıdalı sahələri artırılaraq 600 hektara çatdırılıb.
Rayonun Beşdəli kənd sakini, fermer Rafael Ağayevin 14 hektara yaxın qarğıdalı sahəsi var. Onun sözlərinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir. Senaj şirəli yem olduğuna görə iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir.