İDMAN
Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirilmişdir
Salyan, 9 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının hazırladıqları tədbirlər planına müvafiq olaraq rayonda müxtəlif idman yarışları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, futbol üzrə rayon birinciliyi yarışlarında iştirak edən 16 komandadan 8-i Qarabağlı, 8-i isə Noxudlu kəndlərindəki stadionlarda qələbə uğrunda mübarizə aparmışdır.
Qarabağlı kəndində keçirilən yarışlarda bütün görüşləri qələbə ilə başa vuran Xıdırlı kəndinin futbolçuları finalda oynamaq hüququ qazanmışlar. Noxudlu kəndində isə yarışın qalibi həmin kəndin idmançıları olmuşlar.
Salyan Olimpiya İdman Kompleksində keçirilən final görüşü 2:1 hesabı ilə Xıdırlı komandasının qələbəsi ilə başa çatmışdır.
Yarışların qalibi olmuş Xıdırlı futbol komandasının üzvlərinə qızıl, ikinci yeri tutmuş Noxudlu kəndinin idmançılarına gümüş medallar, qalib komandanın kapitanına isə birinciliyin kuboku təqdim edilmişdir.