İQTİSADİYYAT
Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur
Bakı, 20 may (AZƏRTAC). Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi I” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasını nəzərdə tutan ikinci mərhələ üzrə işlərə başlanmışdır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, icrasına 2010-cu ildə başlanmış layihənin birinci mərhələsində Şamaxı şəhərində suötürücü qovşaq və baş su təchizatı qurğuları yaradılmışdır. Şamaxı şəhərini içməli su ilə təmin etmək üçün Pirsaat çayının hövzəsində drenaj sistemi quraşdırılmışdır. Mənbədən suyun suqəbuledici meydançaya öz axını ilə ötürülməsini təmin etmək üçün 1,4 kilometr magistral su xətti çəkilmiş, hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikilmiş, xlorator qurğusu yaradılmışdır. Bu mərhələ çərçivəsində tikinti işləri 2011-ci ilin sonunda başa çatdırılmışdır.
Layihənin ikinci mərhələsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur. Bu mərhələdə Şamaxı şəhərinə 9,3 kilometr magistral su xətti çəkiləcək, 132 kilometr su, 129 kilometr kanalizasiya şəbəkəsi yaradılacaqdır. Tikinti işləri başlanandan indiyədək 22 kilometr su xətti, 29 kilometr kanalizasiya xətti çəkilmiş və hazırda inşaat işləri davam etdirilir. Şamaxı şəhərində istehlakçıların dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 7500 kubmetr olan 8 su anbarı tikiləcəkdir.
Layihənin sonuncu mərhələsi çərçivəsində Şamaxı şəhərində sutkalıq məhsuldarlığı 9000 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaqdır.
Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulduqdan sonra 40 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.
Qeyd edək ki, “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi I” çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərləri və ətraf kəndlərdə su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaqdır.