REGİONLAR
Şamaxıda cari mövsümdə 11 min ton üzüm istehsalı gözlənilir
Şamaxı, 29 avqust, AZƏRTAC
Şamaxı rayonunda üzüm yığımı davam edir, artıq təsərrüfatlarda texniki sortların da toplanmasına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək plantasiyalardan 650 tonadək süfrə və texniki sortlardan olan üzüm yığılıb. Məhsul yığımı hazırda Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində, habelə fiziki şəxslərə məxsus bağlarda sürətlə və mütəşəkkil aparılır. Rayon üzrə hər gün üzüm yığımına 110 nəfərə yaxın işçi qüvvəsi çıxır.
Qeyd edək ki, üzümçülük Şamaxıda aqrar sektorun aparıcı və ənənəvi sahələrindəndir. Hazırda bölgədə 1870 hektar üzüm bağı var ki, bunun da 1700 hektarı bar verir. Cari mövsümdə üzümçülər bol məhsul yetişdirməyə nail olublar. Mütəxəssislər 11 min tonadək məhsulun istehsal olunacağı qənaətindədirlər.