Şamaxıda könüllülərin təlim düşərgəsi açılıb VİDEO
Şamaxı, 9 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı Olimpiya Mərkəzində könüllülərin təlim düşərgəsinin açılış mərasimi olub.
Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktor əvəzi Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Yusif Vəliyev, FHN-in şimal-qərb Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Elnur Məhərrəmov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, düşərgə, ümumilikdə, 3 gecə, 4 gün davam edəcək. Düşərgədə könüllülük fəaliyyəti haqqında ümumi məlumatlar, fövqəladə hallar zamanı davranış qaydaları paylaşılacaq, komanda oyunları və stresli şəraitdə fəaliyyətlər haqqında təlimlər keçiriləcək.
Eyni zamanda, könüllülər fövqəladə hallar zamanı istifadə olunacaq texnikalarla yaxından tanış olacaq, istifadə qaydalarını mənimsəyəcəklər.
Bununla yanaşı, təbii fəlakətlərdə insanlara humanitar yardımların göstərilməsi, çadırların qurulması, mülki müdafiənin təmin olunması ilə bağlı da təlimlər keçiriləcək.
Düşərgədə 42 könüllü iştirak edir.