Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
Şamaxı, 15 iyun, AZƏRTAC
Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın Taleyini Dəyişən Tarixi Qurtuluş” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətindən danışıb.
Digər natiqlər də Milli Qurtuluş Gününün ölkəmizin müasir tarixindəki müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və müstəqil Azərbaycanın inkişafında göstərdiyi misilsiz xidmətlərdən, eləcə də bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Daha sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.
Müxbir- Rəşad Türkoğlu