MƏDƏNİYYƏT
Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun “Nizami Gəncəvi medalı” ilə təltif edilib
Bakı, 15 noyabr, AZƏRTAC
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt Özbəkistana səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib və Mərkəzin direktoru Samir Abbasovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Nizamettin Aykurt dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyilə əlaqədar dahi şairin irsinin, yaradıcılığının türk dünyasında, Özbəkistanda təbliği işinə verdiyi xüsusi töhfəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova Fondun təsis etdiyi “Nizami Gəncəvi medalı”nı təqdim edib.
Nizamettin Aykurt çıxışında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Nizami İli” çərçivəsində mühüm əhəmiyyətə malik və çoxsaylı layihələrin həyata keçirilməsini xüsusi qiymətləndirdiklərini qeyd edib.
O, ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcüməsinin uğurla həyata keçirildiyini və “Xəmsə”nin nəfis şəkildə nəşr edildiyini qeyd edib.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə fondlarında saxlanılan unikal əlyazmalarının surətlərinin elektron versiyası əldə edilərək Özbəkistanın Əlyazmalar və Şərqşünaslıq İnstitutlarının Fondlarına hədiyyə edildiyini və bu əsərlərin gələcəkdə tədqiqatçılar üçün mühüm əhəmiyyətə malik olduğunu söyləyib.
O, Nizami Gəncəvinin irsi, yaradıcılığının türk dünyası ədəbiyyatının zirvəsi və dünya ədəbiyyatına verdiyi töhfələrlə bağlı elan olunan müsabiqə nəticəsində Özbək alimləri tərəfindən çoxsaylı tədqiqat əsərlərinin yazıldığını, iki monoqrafiyanın hazırlandığını və Daşkənddə çap olunmasını mühüm hadisə kimi qiymətləndirib.
Fondun rəhbəri Nizamettin Aykurt Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Özbəkistan şairləri, ədəbiyyatsevərləri, tələbələrinin iştirakı ilə şeir gecəsinin keçirilməsi, türk dünyası alimlərinin iştirakı ilə beynəlxalq konfransların, çoxsaylı rəsm sərgiləri, kitab təqdimatları, Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramının təqdim olunmasını dahi Nizami Gəncəvinin irsinin təbliğinə mühüm töhfə olduğunu qeyd edib.
Görüşün sonunda Samir Abbasov ona göstərilən dəyərə görə Nizamettin Aykurta təşəkkürünü bildirib.