İQTİSADİYYAT
Samir Şərifov: Azərbaycan Cənub Qaz Dəhlizi ilə bağlı 2,75 milyard dollarlıq borclanmadan imtina edib
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı 2,75 milyard dollarlıq borclanmadan imtina edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Maliyyə naziri Samir Şərifov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirib.
“Dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılıb, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyard dollarlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi - MIGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanıb - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.