İQTİSADİYYAT
“Samsung Galaxy S II” smartfonunun Azərbaycanda təqdimatı keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də “Grand Hotel Europe” mehmanxanasında dünyanın aparıcı mobil qurğular istehsalçısı “Samsung Electronics” şirkəti “Galaxy S II” smartfonunun Azərbaycanda rəsmi təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, şirkətin Bakı nümayəndəliyinin rəhbəri Cey Hi Çan təmsil etdiyi qurumun dünyanın ən yüksək iqtisadi artım göstəricilərindən birinə malik olduğunu bildirmiş, Azərbaycanda qazandığı uğurlardan danışmışdır. Qeyd etmişdir ki, iqtisadi artım ölkədə yüksək texnoloji məhsullara olan tələbata müsbət təsir göstərir və bununla əlaqədar olaraq “Samsung Electronics” Azərbaycanda ən qabaqcıl məhsulların təqdim olunmasına xüsusi diqqət yetirir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində məhsul, xidmət və həllərə olan tələbat Azərbaycanda iqtisadiyyatın sabitliyini nümayiş etdirir.
“Samsung Electronics” şirkətinin MDB ofisinin mobil telefonların marketinqi bölməsinin rəhbəri İlya Fedotov dünya bazarlarında “Samsung” mobil qurğuların payının artmasını qeyd etmişdir. Onun sözlərinə görə, hazırda “Samsung” mobil telefonları və smartfonları öz texnoloji tərkibinə görə digər istehsalçıların əksər analoqlarını üstələyir. Təqdim olunmuş “Galaxy S II” smartfonunu biznes və əyləncə üçün nəzərdə tutulmuş güclü alətlərə malik müasir smartfonun təcəssümüdür.
Smartfon Google Android 2,3 Gingerbread əməliyyat sistemi və 1,2 GHz ikinüvəli Samsung Exynos prosessoru ilə təchiz olunmuşdur. Qurğu GPS, Wi-Fi, Bluetooth, NFC, microSD slotu, 4,27 Super AMOLED Plus sensor ekranı ilə seçilir.