DÜNYA
“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxarır
Bakı, 28 mart, AZƏRTAC
“Samsung” “Galaxy Note 7” smartfonunun təmir olunmuş versiyasının satışına başlamağı planlaşdırır.
AZƏRTAC şirkətə istinadən xəbər verir ki, bundan əvvəl həmin smartfonda batareyaların partlamasına görə onun istehsalı dayandırılmışdı.
Koreya Respublikasının şirkəti tənzimləyici orqanlar və nəqliyyat agentlikləri ilə danışıqlardan sonra təmir olunmuş “Galaxy Note 7” smartfonlarının satış bazarını müəyyənləşdirəcək. Şirkət çip və modulyar kameralar kimi dəyişdirilə bilən elementləri satmağı, həmçinin köhnə “Galaxy Note 7”dən çıxarılmış xammaldan təkrar istifadəni planlaşdırır.
Bundan əvvəl “ZDNet” portalı Koreya Respublikasının “Hankyung” nəşrinə istinadən yazmışdı ki, “Samsung” şirkəti təmir olunmuş smartfonunu yalnız inkişaf etməkdə olan ölkələrin (məsələn, Hindistan və Vyetnam) bazarında satmağı planlaşdırır.
“Galaxy Note 7” smartfonunun satışına 2016-cı ilin avqustunda start verilib, amma tezliklə batareyaların partlaması səbəbindən satış dayandırılıb. Nəticədə “Samsung” şirkəti bu qurğunun istehsalını tamamilə dayandırmağa məcbur olub.