İQTİSADİYYAT
“Samux” EŞ Müəssisəsi ərazisində qabaqlayıcı tədbirlər görülür
Bakı, 29 aprel (AZƏRTAC). “Samux” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi ərazisində müxtəlif gərginlikli paylayıcı və ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisənin xidməti ərazisində 10, 6 və 0,4 kilovoltluq hava xətləri də daxil olmaqla 5,1 kilometrə yaxın xətdə təmir işləri aparılmış, 10-dan artıq transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmiş, qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, itirilmiş elektrik enerjisinin 19,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.