REGİONLAR
Samux rayonunun sərhəd kəndlərində baytar nəzarəti gücləndirilmişdir
Samux, 28 yanvar (AZƏRTAC). Samux rayonunun Gürcüstanla sərhəd kəndlərində baytarlıq nəzarəti gücləndirilmişdir. Buna səbəb həmin ölkədə iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinin yayılmasıdır.
Samux rayon baytarlıq idarəsinin rəisi Mürvət Bağırov bu sahədə aparılan profilaktik tədbirlərlə bağlı AZƏRTAC-a demişdir ki, Poylu, Salahlı, Yenikənd, Qırmızı Samux və digər kəndlərin Gürcüstana daha yaxın olduğundan həmin xəstəliyin Azərbaycana da keçmə ehtimalı artmışdır. Elə buna görə həmin ərazidə profilaktik tədbirlərə başlanılmışdır. Bunun üçün Dövlət Baytarlıq Xidməti rayon baytarlıq idarəsini istənilən qədər vaksinlə təmin etmişdir.
Bundan başqa qonşu ölkədən respublikamıza xəstə heyvanların gətirilməməsinə ciddi nəzarətlə yanaşı, əhali arasında maarifləndirici təbliğat işləri də aparılır.