REGİONLAR
Samux və Kəlbəcər seçki dairələrində seçicilərin fəallığı müşahidə olunur
Samux-Şəmkir, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Ümumxalq səsverməsində ölkənin qərb bölgəsindəki digər şəhər və rayonlarda olduğu kimi, Samuxda da seçicilərin fəallığı müşahidə olunur.
102 saylı Samux-Şəmkir dairə seçki komissiyasının sədri Bayram Qasımov AZƏRTAC-a bildirib ki, dairə üzrə 45 min 388 nəfər seçici qeydiyyata alınıb. Hazırda seçki prosesini 565 müşahidəçi izləyir. Məntəqə seçki komissiyalarında müşahidəçilər üçün ayrıca yerlər ayrılıb və lazımi avadanlıqlarla təchiz edilib. 9 məntəqədə quraşdırılan müşahidə kameraları vasitəsilə seçki prosesini onlayn rejimdə izləmək mümkündür.
X X X
123 saylı Kəlbəcər seçki dairəsi üzrə bütün seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur.
Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının sədri Adil Murtuzayev AZƏRTAC-a bildirib ki, 63 məntəqə üzrə 49 min 716 seçici qeydiyyata alınıb. Seçicilərdən 821 nəfəri bu gün ilk dəfə olaraq səsvermədə iştirak etmək hüququ qazanıb. 5 məntəqədə “exit-poll” keçirilir. Seçki prosesinin gedişini 318 nəfər müşahidəçi izləyir.