REGİONLAR
Samuxda Arıçılar Birliyi təsis edilib
Samux, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dekabrın 7-də Samux Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Azərbaycan Arıçılar Assosiasiyasının Samux Arıçılar Birliyinin təsis iclası keçirilib.
Samux DAİM-in rəhbəri Rahil Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iclasda birliyin 5 nəfərdən ibarət idarə heyəti və üç nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.
Afiq Mehtiyev Birliyin sədri, Əvəz Hacıyev isə Nəzarət-təftiş komissiyasının sədri seçilib.
Bu vaxta kimi Samux rayonu üzrə 109 arıçının qeydiyyatdan keçdiyini deyən Rahil Həsənov qeyd edib ki, Birliyin yaranmasında əsas məqsəd arıçılığın rayonda inkişafına dəstək olmaqdır. Belə ki, Birlik bundan sonra arıçılığın rayonda təbliğatı, bu sahənin inkişafı üçün dünyada tətbiq edilən müasir metod və innovasiyaların təsərrüfatlarda tətbiqi, xəstəlik və zərərvericilərə qarşı təsirli mübarizə, yüksək keyfiyyətli arı məhsullarının bazara çıxarılması, arı ailələrinin, xüsusən də ana arıların daha məhsuldar cins arılarla əvəzlənməsi istiqamətində arıçılara dəstək olacaq.