REGİONLAR
Samuxda Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
Samux, 5 mart, AZƏRTAC
Martın 5-də Samuxda Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görkəmli yazıçı rayonda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra tarix diyarşünaslıq muzeyində eksponatlara baxıb, Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin kitab stendinin açılışında iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşü Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayevin dünya şöhrətli əsərlərindən danışıb.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, rayon Yazarlar Birliyinin rəhbəri Nuranə Həsənova və başqaları çıxış edərək, görkəmli yazıçının əsərlərinin nəinki Azərbaycanda, eləcə də dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunduğunu diqqətə çatdırıblar.
Sonra Xalq Yazıçısı Çingiz Abdullayev samuxlu oxucuların suallarını cavablandırıb.