DÜNYA
San-Fransisko sakinləri üçün yeni vergi tətbiq ediləcək
Bakı, 3 iyun, Ramiz Quliyev, AZƏRTAC
Bu ilin iyulunda ABŞ-ın San-Fransisko şəhərinin əhalisi iqlim dəyişmələrinin nəticələri ilə mübarizəyə yönəldilmiş yeni verginin tətbiqinə səs verməli olacaqlar.
AZƏRTAC «Vergiler.az» saytına istinadla bildirir ki, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən bir sıra qurumlar bu ideyanı dəstəkləsələr də, əleyhdarları yeni verginin əhalinin kasıb təbəqəsinə qarşı ədalətsiz olduğunu iddia edirlər.
Yeni verginin hər bir daşınmaz əmlak üçün ildə 12 dollar olacağı gözlənilir. Həmin vergidən əldə olunan vəsait (qarşıdakı 20 il ərzində yarım milyard dollar toplanılacağı gözlənilir) dənizdə suyun səviyyəsinin qalxması nəticəsində mümkün daşqınların nəticələrini azaldan təpəciklərin bərpa edilməsinə xərclənəcək.
Hazırda ABŞ-ın varlı vətəndaşlarının elitar əmlaklarının yerləşdiyi sahil əraziləri təbii fəlakət təhlükəsi altındadır.
Yeni verginin tətbiqi üçün bütün səslərin üçdə ikisini toplamaq tələb olunur.