Saray qəsəbəsində yeddi küçə asfaltlanıb
Saray, 24 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən yeddi küçənin tamamilə yenidən qurularaq asfaltlanması başa çatıb. Rayon icra hakimiyyətinin nümayəndələri sözügedən qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədilə əraziyə baxış keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC -a bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır. Belə ki, rayon icra hakimiyyətinin sifarişi ilə keçirilən tenderdə qalib gələn podratçı şirkət tərəfindən qəsəbənin Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrində həyata keçirilən asfaltlanma işləri başa çatıb. Ümumi uzunluğu 4 kilometr təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkilib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Bir sözlə tam müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Qəsəbə sakinləri ilə görüşən rayon rəhbəri onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Qəsəbədə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına, eyni zamanda, Saray qəsəbə 2 saylı tam orta məktəbin yeni tədris binasının tikintisinə və kanalizasiya xəttinin çəkilməsinə görə Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər.