CƏMİYYƏT
“Sarı gəlin” Tələbə Mahnı Festivalının qalibləri mükafatlandırılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə reallaşdırılan “Sarı Gəlin” Tələbə Mahnı Festivalının qala konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rəqs qrupunun ifasında “Sarı gəlin” rəqsi nümayiş olunduqdan sonra layihə rəhbəri Günay Hüseynli tədbiri açıq elan edib və festivalın keçirilmə qaydaları haqqında məlumat verib.
Sonra Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti Yeganə Axundova çıxış edib.
Daha sonra iştirakçıların promo videoları və ifaları təqdim olunub. Müxtəlif təhsil müəssisələrinin tələbələrinin qatıldığı qala konsertində münsif qismində xalq artisti Natavan Şeyxova, nəğməkar şairə Sevinc Şirin, əməkdar artistlər Vüqar Camalzadə və Teymur Əmrah iştirak edib.
Müsabiqə iştirakçılarının ifaları dinləndikdən sonra münsiflər heyətinin qərarına əsasən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1-ci kurs magistr tələbəsi Aydan Quliyeva ən yaxşı ifanı nümayiş etdirdiyinə görə Qran-pri ilə təltif olunub. Müvafiq olaraq 1, 2 və 3-cü yerlərə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov, Bakı Dövlət Universitetinin tələbəsi Rəqsanə Əsədova və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kamaləddin Məmmədov layiq görülüb.
Sonda müsabiqənin qalibi Əməkdar Artist Vüqar Camalzadənin müşayiəti ilə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.