İQTİSADİYYAT
Sayğac uçot komplektinə nəzarət gücləndirilir
Bakı, 4 iyun (AZƏRTAC). “Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Xırdalan Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində ilin əvvəlindən bəri 103 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödəniş 83 faizə yaxın olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş 7,4 faiz artmışdır. Daimi əhali istehlakçı qrupunda istehlak 37,1 milyon kilovat-saatdan artıq təşkil etmişdir. Bu, ötən ilin eyni dövründəki istehlakdan 97 min kilovat-saata yaxın azdır.
Qobustan EŞ müəssisəsi üzrə 5,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödəniş 78 faizə yaxın olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 377,4 min kilovat-saat azalmışdır. Daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 186 min kilovat-saat azalaraq 3,5 milyon kilovat-saatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artmışdır.