ELM VƏ TƏHSİL
“SCOPUS” platformasında UNEC-ə məxsus 662 elmi əsər indekslənib
Bakı, 1 noyabr, AZƏRTAC
“Elsevier” şirkəti tərəfindən yaradılmış “SCOPUS” nüfuzlu elmi nəşr platformasında Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) aid olan 297 müəllif profili mövcuddur. Ümumilikdə bu günədək “SCOPUS” profilində UNEC-in 662 elmi əsəri (bir neçə müəllifi olan məqalələr) yer alıb. Müəllifə görə təhlil aparılarsa, hazırda 1262 elmi əsər (tək müəllifli olan məqalə) UNEC nümayəndələri tərəfindən yazılıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Hazırda UNEC-də 17 kafedra fəaliyyət göstərir. 15 kafedranın professor-müəllim heyətinin həmin bazada 209 müəllif profili mövcuddur. Bazadakı 1262 elmi əsərin 74 faizi (928 elmi əsər) UNEC-də hazırda fəaliyyət göstərən elmi-pedaqoji heyətin payına düşür.
UNEC-in Elmmetrika şöbəsi tərəfindən kafedraların qeyd olunan göstərici üzrə reytinqi hazırlanıb. Reytinq üzrə Mühəndislik və tətbiqi elmlər kafedrası 45 faizlə elmi əsərlərin sayına görə liderdir.