İQTİSADİYYAT
Səbail rayonunun Bayıl-20-ci yaşayış sahəsi öz görkəmini büsbütün dəyişəcəkdir
Bakı, 24 yanvar (AZƏRTAC). “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq 2012-ci ilin sonunda yaradılmış Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Bayıl-20-ci yaşayış sahəsi ərazilərini əhatə edir və burada 51 min sakin yaşayır. Yeni yaranmasına baxmayaraq, nümayəndəlik ötən il üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Səbail rayon rəhbərliyinin və ictimaiyyətinin iştirakı ilə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 2013-cü il ərzində ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərinin inkişafına göstərdiyi diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması məqsədilə görülməsi vacib olan işlərdən danışmışdır. A.Əsgərov 2013-cü ildə rayonda həyata keçirilmiş sosial yönümlü layihələr, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Dövlət Proqramına 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri də daxil edilmişdir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir. Bakı bulvarı Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilir, dəniz sahilində gözəl istirahət zonası yaradılır. Bu və digər tədbirlər nəticəsində Bayıl-20-ci yaşayış sahəsi öz görkəmini dəyişəcəkdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirmişdir ki, nümayəndəliyin normal fəaliyyət göstərməsi üçün müvafiq təşkilati işlər görülmüş, bu məqsədlə xüsusi yer ayrılmış və zəruri avadanlıqla təchiz olunmuşdur.
Məlumat verilmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq nümayəndəliyin ərazisində 35 kilovoltluq iki yeni yarımstansiyası tikilərək şəbəkəyə qoşulmuş, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunmuş, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və 20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir edilmiş, köməkçi təcili tibbi yardım stansiyası yaradılmışdır.
Rayonun 20-ci sahə ərazisində 35 kilovoltluq daha bir yarımstansiyanın, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir. “Turac” uşaq bağçasında yenidənqurma işləri başa çatmaq üzrədir.
Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması böyük sürətlə davam etdirilir. Bu işlər çərçivəsində fərdi yaşayış evlərinin sakinləri müvafiq kompensasiya ödənilməsi şərti ilə köçürülmüş və ərazinin təmizlənməsi təmin olunmuşdur.
Bildirilmişdir ki, hazırda Bayıl dairəsi ərazisində yeraltı keçid inşa edilir, yolun mərkəz hissəsi yenidən qurulur və yaşıllıqlar salınır, Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78 saylı binalara üzlük çəkilir.
Nümayəndəlik tərəfindən ilk növbədə ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binalarının və fərdi evlərin texniki vəziyyəti, sakinlər barədə ətraflı məlumatlar toplanmışdır.
Yığıncaqda sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.