Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Seçicilərin vaxtından əvvəl səsverməsi qaydalarına dair İzah”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 Qərar № 6/51

18.06.2013

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Seçicilərin vaxtından əvvəl səsverməsi qaydalarına dair İzah”ın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən aktlar qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Seçicilərin vaxtından əvvəl səsverməsi qaydalarına dair İzah” təsdiq edilsin (əlavə olunur).

2. Bu İzah qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/67 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçicilərin vaxtından əvvəl səsverməsi qaydaları haqqında İzah” və 8 yanvar 2009-cu il tarixli 1/4-6 saylı Qərarı ilə təsdiq edilmiş “Referendumda seçicilərin vaxtından əvvəl səsverməsi qaydaları haqqında İzah” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş İzahın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin