Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 29.1-ci və 29.5-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) qanunvericiliklə müəyyən edilmiş qaydada seçki dairələri üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılmasını təmin edir, bu məqsədlə ardıcıl və sistemli tədbirlər görür, mütəmadi olaraq seçki dairələrinin sxemi və onun qrafik təsvirini nəzərdən keçirir, qanunvericiliyin tələblərini rəhbər tutaraq lazımi addımlar atır.

Seçicilərin sayının artım dinamikasının təhlilinə əsasən hazırda seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin 29.1-ci və 29.3-cü maddələrinə uyğun tənzimlənməsinə zərurət yarandığından seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Bununla əlaqədar Seçki Məcəlləsinin 29.3-cü, 29.4-cü, 29.7-ci və 46-cı maddələrinin tələblərinin təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya da qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanmış seçki dairələrinin sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi ilə bağlı təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd olunanlara əsasən, Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 46-cı maddələrinə uyğun olaraq qərara alır:

1. Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin və dairələrin siyahısı dərc olunsun.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin