Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Seçkilərdə (referendumda) Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında seçkilərin təşkili haqqında Təlimat”ın təsdiq edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 Qərar № 6/50

18.06.2013

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Ona görə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Seçkilərdə (referendumda) Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında seçkilərin təşkili haqqında Təlimat”ın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən aktlar qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Seçkilərdə (referendumda) Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında seçkilərin təşkili haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 12 iyun 2003-cü il tarixli 11/71 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformasında və neft hasilatı platformalarında, xəstəxanalarında, sanatoriyalarında, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında seçkilərin təşkili haqqında Təlimat” və “8 yanvar 2009-cu il tarixli 1/4-3 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformasında və neft hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında seçkilərin təşkili haqqında Təlimat” qüvvədən düşmüş hesab edilsin.

 

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin