SƏDDAM HÜSEYN EDAM EDİLDİ
Noyabrın 5-də İraq Ali Cinayət Tribunalı tərəfindən sabiq dövlət başçısı 1982-ci ildə Əd-Düceyl şiə kəndində 148 sakinin öldürülməsinə dair iş üzrə asılmaqla edama məhkum edilmişdir. Dekabrın 26-da Apellyasiya Məhkəməsi ölüm hökmünü qüvvədə saxlamışdır.
Səddam Hüseyn 1937-ci il aprelin 28-də Tikrit şəhəri yaxınlığında kəndli ailəsində doğulmuşdur. Dini etiqadına görə sünni idi. Səddam körpə olarkən atası vəfat etmiş, əmisi əl-Həc İbrahim onu oğulluğa götürmüşdü. Ölkənin adətinə əsasən, sonra o, Səddamın anasına evlənmişdi. Səddam 1962-63-cü illərdə Qahirə Universitetində oxumuş, 1969-cu ildə Bağdadın Müntəseriyə Universitetini bitirmişdir. Təhsilcə hüquqşünas idi.
Hüseyn siyasi karyerasına 1957-ci ildə başlayaraq, həmin il Bəəs Partiyasına daxil olmuşdur. 1959-cu ildə dövlət başçısı Əbdül Kərim Qasimin həyatına sui-qəsddə iştirak etmişdir. Qiyabi olaraq ölüm cəzasına məhkum edilmiş, buna görə Suriyaya, sonra isə Misirə qaçmışdır. 1963-cü ildə çevriliş nəticəsində Əbdül Qasim öldürüldükdən sonra bəəsçilər hakimiyyətə gəlmişlər. Səddam Bağdada qayıdaraq, partiyanın silahlı dəstələrini təşkil etməyə başlamışdır. Onlar ölkədə yadfikirlilərə qarşı repressiyalar keçirirdilər. 1964-cü ildə Bəəs hakimiyyəti itirdikdən sonra Hüseyn həbs olunmuşdur. O, həbsxanadan qaçdıqdan sonra 1968-ci il iyulun 17-də Bəəs Partiyasının həyata keçirdiyi növbəti dövlət çevrilişində iştirak etmişdir.
Ölkədə hakimiyyət Səddamın yaxın qohumu general Əhməd Həsən əl-Bəkrə keçmişdir. Beləliklə, 31 yaşlı Hüseyn partiyada “ikinci adam” olmuş, ali hakimiyyət orqanının – İraq İnqilabi Komandanlıq Şurası (İKŞ) sədrinin müavini və İraqın vitse-prezidenti seçilmişdir.
1979-cu ilin iyulunda Hüseyn İraq Prezidenti, Baş nazir, İKŞ-nin sədri və Bəəs Partiyası regional rəhbərliyinin baş katibi olmuş və o vaxtdan 2003-cü ilin martınadək ölkəyə rəhbərlik etmişdir. O, Bağdad Hərbi Akademiyasında təlim keçmiş və marşal rütbəsi almışdır.
Səddam dəfələrlə və axırıncı dəfə 2002-ci ildə evlənmişdir. Altı övladı var. Onun əmri ilə hər iki kürəkəni güllələnmişdir.
2003-cü ilin martında Britaniya-Amerika koalisiyası İraqa qarşı hərbi əməliyyatlara başladıqda Səddam gizli fəaliyyətə keçmişdir. Həmin il iyulun 22-də ABŞ xüsusi təyinatlılarının Mosul şəhəri rayonunda əməliyyatı nəticəsində oğulları Üdey və Küsey, nəvəsi Mustafa öldürülmüşdür. Dekabrın 13-də isə onun özü də tutulmuş və 2004-cü il yanvarın 9-da rəsmən hərbi əsir elan edilmişdir. Hərbi əsirlərlə rəftar haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyası ona şamil olunmurdu.
İnformasiya agentliklərinin xəbərlərinə görə, dekabrın 30-da Səddam Hüseynlə birlikdə ögey qardaşı, İraq xüsusi xidmət orqanlarından birinin sabiq rəhbəri Bərzan ət-Tikriti və İnqilabi Tribunalın keçmiş üzvü, sabiq prezidentin dəftərxanası başçısının müavini Avad əl-Bəndər də edam edilmişlər. Onlar da “Əd-Düceyl işi” üzrə müttəhim qismində cinayət məsuliyyətinə cəlb olunmuşdular.