SƏDDAM HÜSEYN TERRORÇULARLA ƏLAQƏ SAXLAMIRDI
Məruzədə həm müharibədən əvvəlki, həm də sonrakı dövrün kəşfiyyat məlumatı araşdırılmışdır. Sənəddə Səddam Hüseyn hökumətində işləmiş şəxslərin ifadələrindən də istifadə olunmuşdur.
Corc Buş hökuməti Səddam Hüseyni terrorizmi dəstəkləməkdə və “Əl-Qaidə” ilə əlaqə saxlamaqda dəfələrlə təqsirləndirmiş və bundan İraqa müdaxilə üçün bəhanələrdən biri kimi istifadə etmişdir. Lakin həmin ittihamlar, eləcə də Səddam Hüseynin kütləvi qırğın silahına malik olduğu barədə iddialar öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ABŞ Prezidenti bu yaxınlarda mətbuat konfransında yenə demişdir ki, Səddam Hüseyn İraqda “terrorçuların başçısı Əbu Musab əz-Zərqavi ilə əlaqə saxlamışdır”.
Senat komitəsinin üzvləri müəyyən etmişlər ki, Zərqavi 2002-ci ilin mayından noyabrınadək, həqiqətən, Bağdadda olmuşdur. Lakin, məruzədə deyildiyi kimi, “müharibədən sonrakı informasiya göstərir ki, Səddam Hüseyn Zərqavini tutdurmağa çalışırdı. Beləliklə, ABŞ senatorlarının qənaətinə görə, sabiq İraq rejimi “Zərqavi ilə əlaqə saxlamır, onu gizlətmir və fəaliyyətinə göz yummağa çalışmırdı”.