İDMAN
“Şəfa” stadionunda kameralar quraşdırılmışdır
Bakı, 12 mart AZƏRTAC). Bakının “İnter” futbol klubu “InStat Football” şirkəti ilə fəal əməkdaşlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, klub futbolun sistemli və dərin analizində ixtisaslaşan bu şirkətlə artıq iki ildir əməkdaşlıq edir. “InStat Football” dünyanın 20-dən artıq futbol turnirini araşdıran beynəlxalq innovasiya şirkətidir. Bu şirkət sayəsində futbol klubları təkcə komandaları haqqında deyil, həmçinin bütün rəqibləri barədə də müfəssəl məlumatlar alır.
“İnter”in “InStat Football” şirkəti ilə əməkdaşlığı 2011-ci ilə təsadüf edir. Ötən müddət ərzində şirkət “İnter”ə komandanın keçirdiyi bütün oyunların ətraflı xarakteristikasını təqdim edir. İndi isə tərəfdaşlıq yeni səviyyəyə keçir. Belə ki, “Şəfa” stadionunda xüsusi kameralar quraşdırılmış və bu kameralar sayəsində futbolçuların fiziki aktivliyinin və göstəricilərinin ətraflı analizini əldə etmək mümkün olacaqdır. Futbolçuların kilometrajının və aktivliyinin hesablanması klubun hər ev matçında həyata keçiriləcəkdir.