SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Vətənə yola düşmüşdür.
Azərbaycanın və Pakistanın dövlət bayraqları asılmış “Çaklala” hərbi hava bazasında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Pakistanın müdafiə sənayesi naziri Həbibulla Xan Varraix, ölkənin digər yüksək vəzifəli şəxsləri, Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli, Pakistanın Bakıdakı səfiri Məhəmməd Hafiz yola saldılar.
Prezident İlham Əliyevə təyyarənin pilləkəni yanında Pakistana rəsmi səfərini əks etdirən fotoalbom təqdim olundu.
X X X
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gəldi.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.