SƏFƏR BAŞA ÇATDI
Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri başa çatdı. Respublikamızın rəhbəri maşın karvanının müşayiəti ilə Vnukovo-2 hava limanına gəldi.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqları ilə bəzədilmiş hava limanında dövlətimizin başçısı Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Rusiyanın dövlət himnləri ifa olundu. Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dövlətimizin başçısı Heydər Əliyev onu yola salmaq üçün hava limanına gəlmiş Rusiya nümayəndə heyətinin üzvləri ilə sağollaşdı.
Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko və RF xarici işlər nazirinin müavini Valeri Loşşinin Azərbaycan nümayəndə heyətinin üzvləri ilə xudahafizləşdilər.
Rusiya Silahlı Qüvvələrinin üç qoşun növünü təmsil edən fəxri qarovul dəstəsi dövlətimizin başçısının qarşısından keçdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün axşam Bakıya qayıtdı.
Respublikamızın rəhbəri Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə verdi.
/Müsahibəsinin mətni qəzetin 27 yanvar nömrəsində dərc olunmuşdur).
Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.
Aslan Aslanov,
Oqtay Aydınoğlu /Foto/,
AZƏRTAC-ın xüsusi müxbirləri
Rafiq Bağırov /Foto/