CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
Bakı, 15 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Masallıda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda 20 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsinə dair olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.