İQTİSADİYYAT
Səfir İsmayıl Alper Coşqun: Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında uzunmüddətli əməkdaşlıq yaradılıb və Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır.
"Caspian Energy İnternational Media Group"dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyeva və redaksiyanın əməkdaşları ilə keçirdiyi görüşdə səsləndirib.
Görüşdə "Caspian European Club" və "Caspian Energy İnternational Media Group" çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Türkiyə iqtisadiyyatının inkişafına həsr olunan xüsusi nömrənin buraxılışı müzakirə olunub.
Səfir İsmayıl Alper Coşqun "Caspian European Club" və "Caspian Energy İnternational Media Group"un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, "Caspian Energy" jurnalının iqtisadiyyat və energetika bölmələri Türkiyədə xüsusi maraqla qarşılanır. Diplomat www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayılan "Caspian Energy" jurnalında nəşr olunan məqalə və materialları izlədiyini bildirib.
Səfir, "Caspian Energy" jurnalının səhifələrində Türkiyə iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin dərcində maraqlı olduğunu diqqətə çatdırıb.
Sonra İsmayıl Alper Coşqun "Caspian Energy" jurnalına eksklüziv müsahibə verib. Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın perspektivlərindən danışan səfir vurğulayıb ki, iki ölkə arasında uzunmüddətli əməkdaşlıq yaradılıb və Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır.
“Xüsusi əhəmiyyətə malik olan Azərbaycan-Türkiyə əlaqələri sadəcə iki ölkə arasındakı rəsmi və ənənəvi münasibətlərə əsaslanmır. Biz Azərbaycana təkcə enerji mənbəyi və ya ixracat həyata keçirdiyimiz bazar kimi baxmırıq. Azərbaycan bizim üçün mühüm tərəfdaş və qardaş ölkədir. Ümumi keçmişimiz olduğu kimi biz ümumi gələcəyə də böyük ümidlər bəsləyirik”, - deyə səfir vurğulayıb.
Enerji əməkdaşlığı məsələsinə də toxunan səfir “Cənub" qaz dəhlizi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb.