ELM VƏ TƏHSİL
Şəhər (rayon) təhsil şöbələrinə tövsiyə
Bakı, 20 iyun (AZƏRTAC). Ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün iyunun 25-də buraxılış imtahanı keçiriləcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013-cü il 30 may tarixli qərarına əsasən, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində müəyyən edilmiş qaydada çıxarılır.
(1.5.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası; (buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür)”;
1.5.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.)
Beləliklə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcəkdir.