CƏMİYYƏT
Şəhər və rayonlarda narkomaniya probleminə dair treninqlər keçiriləcək
Bakı, 27 sentyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı ilə bu ilin oktyabrında Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Abşeron, Quba, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Şirvan, Salyan, Hacıqabul, Astara, Cəlilabad, Lənkəran şəhər və rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstərişinə əsasən, karantin rejiminə dair mövcud qaydalara və metodiki göstərişlərin tələblərinə uyğun qaydada keçiriləcək tədbirlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18-ci, 4.4.26-cı bəndlərinin və Dövlət Komissiyasının müvafiq qərarlarının icrasını təmin etmək məqsədi daşıyır.
Eyni zamanda, həmin şəhər və rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması və onlara metodiki köməyin göstərilməsi və zəruri təbliğat materiallarının təqdim olunması planlaşdırılıb.