İQTİSADİYYAT
Şəhərsalmada prosedur qaydalarına dəqiq riayət olunmalıdır
Bakı, 7 oktyabr (AZƏRTAC). Genişlənmə üçün ərazilər tükəndiyinə görə, Bakının yeni baş planının hazırlanması haqqında qərar qəbul ediləcəkdir. Bu məqsədlə əvvəlcə Abşeron rayonunun ərazi inkişafının sxemi (planı) hazırlanır. Həmin iş ilin sonunadək yekunlaşdırılacaqdır.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Komitə sədri qeyd etmişdir ki, şəhərsalmada əvvəlcə regionların planlaşdırılma sxemi olmalı, həmin sənəddə bələdiyyələrin, şəhərlərin və qəsəbələrin inzibati sərhədləri, nəqliyyat, energetika və iqtisadi inkişaf məsələləri, texnogen və ekoloji xarakterli məhdudiyyətlər göstərilməlidir.
Regional inkişaf planı (sxemi) təsdiq ediləndən sonra rayonların, şəhərlərin, bələdiyyələrin və qəsəbələrin inzibati sərhədləri əsas götürülərək onların baş planları işlənib hazırlanır.
A.Ələsgərov həmçinin vurğulamışdır ki, şəhərsalmanın üçüncü mərhələsi şəhər icra hakimiyyəti tərəfindən hazırlanan ətraflı plandır. Şəhər icra hakimiyyəti paytaxtın, bələdiyyələrin, qəsəbələrin baş planını əsas tutaraq mühüm şəhərsalma sənədlərindən birini yaradır. Bundan sonra tikinti layihəsinin hazırlanması və həyata keçirilməsi üzrə işlər başlanır.
Həmin prosedur qaydalarına dəqiq riayət edilməlidir. Əks halda bu, şəhərsalma intizamının pozulması kimi qiymətləndiriləcək və müvafiq tədbirlər görüləcəkdir. Baş planlara müəyyən cari dəyişikliklərin edilməsi məsələsinə gəldikdə isə bu, rayonların (şəhərlərin) icra hakimiyyətlərinin birbaşa vəzifəsidir.