Şəhid anaları Qubada olublar
Sumqayıt, 21 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
“Şəhid Analarına Dəstək” İctimai Birliyinin reallaşdırdığı “Analar baş tacımız” layihəsi çərçivəsində bir qrup şəhid anası Qurban bayramı günlərində Qubada olub.
AZƏRTAC xəbər verir ki, səfər zamanı rayonun Şəhidlər xiyabanı, “Şəhidlər muzeyi”, Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib, Qubadan olan şəhid anaları ilə görüş keçirilib.
Görüş zamanı şəhidlərin xatirəsinə həsr olunmuş sosial çarx nümayiş etdirilib.
Şəhid anaları övlad itkisinin ağır olduğunu vurğulayıb, eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyünün təmin olunduğunu bildirib, igid övladlarının qəhrəmanlığından danışıb, onlarla qürur duyduqlarını söyləyiblər.
Qeyd edilib ki, şəhidlərimizi gənc nəslə tanıtmaq, gəncləri vətənpərvər ruhda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək hər bir ölkə vətəndaşının vəzifəsidir.
Sonda şəhid Səbuhi Həsənquliyevin anası Maisə xanım şəhidlərimizə həsr etdiyi şeirlərini söyləyib.