Şəhidlər qürur mənbəyimizdir
Bakı, 6 dekabr, AZƏRTAC
Vətən müharibəsində şəhid olanlara həsr edilən xüsusi anım gününün keçirilməsi və ölkənin bütün ərazisində xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi xalqımızın və dövlətimizin Vətənin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını qurban verənlərə hörmət və ehtiramın bariz nümunəsidir. Eyni zamanda, bütün dini ibadətgahlarda - məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimləri keçirildi, dualar oxundu. Vətən onun uğrunda canından keçənləri həmişə ehtiramla yad edir, zirvələrə yüksəldir.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhidlər xiyabanında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmələri bir daha təsdiqlədi ki, Vətənimizin müdafiəsi uğrunda canlarını qurban verənlər hər birimiz üçün qürur mənbəyidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşımında da bunu xüsusi olaraq diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.
Birinci xanım daha sonra yazıb: “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.
Dövlət başçımızın, birinci xanımın şəhidlərimizə yüksək hörmət və ehtiramı Vətənimizin müdafiəsi uğrunda canlarını qurban verənlərin yaxınlarına təsəlli, həm də mənəvi dəstəkdir. Azərbaycan Prezidenti daim bildirib ki, şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq. Dövlətimiz hər zaman onların qayğısına qalacaq.
Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi, Dövlət Himnimiz səsləndirildi. Bu, həm də Azərbaycanın haqq işinin dəstəklənməsidir. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan BMT tərəfindən tanınmış ərazi bütövlüyümüz uğrunda döyüşüb, işğalçıya layiq olduğu yeri göstərib. Anım mərasimlərində səsləndirilən fikirlər də bundan xəbər verir. Çıxış edənlərin ərazilərimizin işğaldan azad edilməsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun nümayiş etdirdiyi fədakarlıqdan bəhs etmələri də bunun sübutudur. Artıq rəşadətli Ordumuzun xoş sədası dünyanın müxtəlif ölkələrindən eşidilir. Bu, hər bir soydaşımız üçün fəxrdir.
Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlər heç vaxt unudulmur. Şəhidlər həyat durduqca yaşayırlar. Onlar yetişən gənc nəslə örnəkdir. Şəhidlər xiyabanı hər birimizin müqəddəs and yerinə çevrilib. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, son vaxtlar həm Bakıda, həm də regionlarda yeni ailə quranlar Şəhidlər xiyabanına gedir, mərd oğul və qızlarımızın məzarlarını ziyarət edirlər. Odur ki, bu gün Şəhidlər xiyabanı hər birimiz üçün müqəddəs ziyarətgahdır.
Şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim dövlətin diqqət mərkəzindədir. Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir. Bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif tədbirlər həyata keçirilib. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcək. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilib və mənzillər bütün avadanlıqla təmin olunub.
“2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra cənab İlham Əliyevin imzaladığı ilk Fərmanı xatırlatmaq istərdim. Şəhid hərbi qulluqçularının ailələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Bu, həm də ölkə vətəndaşlarının rifahının yüksəldillməsinə yönələn humanizm prinsiplərinə sadiqliyin nümunəsi kimi qəbul edilməlidir. Vətən, uğrunda canından keçənləri heç zaman unutmayacaq”, - deyə hüquq müdafiəçisi qeyd edib.