REGİONLAR
Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır
Qəbələ, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi Qəbələ rayonunda da daim uca tutulur və ehtiramla anılır. Belə igid oğullardan biri də rayonun Mıxlıqovaq kəndindən olan şəhid Elnur Rəhimovdur.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra mərasim iştirakçıları şəhid Elnur Rəhimovun ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elnur Rəhimov 2000-ci il iyulun 25-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayıb, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi zamanı Suqovuşan, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Rəhimov Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.