ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Oktyabrın 31-i Azərbaycanın tarixinə əlamətdar bir gün kimi daxil olacaqdır. Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizi siyasi-iqtisadi böhran burulğanından xilas edərək sabitlik, iqtisadi tərəqqi, dünya birliyinə inteqrasiya yoluna çıxarmış müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı, oktyabrın 15-də prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin iradəsi ilə dövlət başçısı seçilmiş Baş nazir İlham Əliyevin həmin gün yeni minilliyin ilk Prezidenti kimi andiçmə mərasimi keçirilmişdir.
Mərasimdən əvvəl İlham Əliyev xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Sonra İlham Əliyev Bakının yüksək nöqtəsindən şəhəri seyr etdi, paytaxtın icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müvafiq tövsiyələr verdi.