ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi, onların məzarları üstünə və “Əbədi məşəl” abidəsinin önünə gül-çiçək qoydu.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov cənab Bruno Hallerə Şəhidlər xiyabanının salınması tarixi barədə ətraflı məlumat verdi.
Sonra qonaq buradan Bakının mənzərəsini seyr etdi.
X X X
AŞPA-nın baş katibi BRUNO HALLER Şəhidlər xiyabanını ziyarətdən sonra Bakıya səfərin məqsədi barədə AZƏRTAC-ın müxbirinə müsahibə verərək dedi:
- Səfərimizin əsas məqsədi Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında mövcud olan əməkdaşlığı daha da inkişaf etdirməkdir. Sizin ölkənizin Avropa Şurasına üzv olmasında Milli Məclisinizin də böyük rolu olmuşdur. Ona görə də demokratiya, qanunvericilik, insan hüquqları ilə bağlı mövcud olan bütün problemlərin həllini də məhz parlamentlərdə axtarmaq lazımdır. Bütün bunlar parlament əməkdaşlığı çərçivəsində həyata keçirilir. Mən əvvəllər Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, sonra qurumun sədr müavini və büro üzvü olmuş, indi isə dövlətinizin başçısı seçilmiş Prezident İlham Əliyevi, eləcə də nümayəndə heyətinin digər üzvlərini çox yaxşı tanıyıram. Ümid edirəm ki, bəzi problemlərin həllində bu tanışlığın köməyi olacaqdır.
Biz həm də istəyirik ki, region dövlətləri arasında əlaqələri inkişaf etdirək. Düzdür, hazırda regionda müxtəlif münaqişələr mövcuddur və bunlar əməkdaşlığın inkişafında problemlər yaradır. Amma bizim Avropada əldə etdiyimiz təcrübə sübut etmişdir ki, gələcəyimiz məhz birgə əməkdaşlıqdan asılıdır. Qafqazın da inkişafı, tərəqqisi əməkdaşlığın genişlənməsindən çox asılıdır.
Onu da deyim ki, son bir neçə ildə Azərbaycanda böyük islahatlar keçirilmişdir. Mən böyük şəxsiyyət, siyasi xadim Heydər Əliyevi də yaxşı tanıyırdım. Azərbaycanın inkişafında və Avropa Şurasına üzv olmasında onun əvəzsiz rolu olmuşdur. Avropa Şurası ilə əməkdaşlıq nəticəsində Azərbaycanda insan hüquqlarının müdafiəsi, demokratiyanın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. İndi əməkdaşlığımızı davam etdirmək lazımdır ki, nailiyyətlərimiz daha da çox olsun.