ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa oktyabrın 3-də Şəhidlər xiyabanını da ziyarət etmişdir.
Burada Latviya dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa Şəhidlər xiyabanının Xatirə kitabına ürək sözlərini yazdı.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi barədə ətraflı məlumat verdi.