ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Əhməd Necdət Sezər aprelin 4-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Burada Türkiyənin dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əhməd Necdət Sezər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Türkiyə dövlətinin başçısı Şəhidlər xiyabanının xatirə kitabına ürək sözlərini yazdı.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi barədə məlumat verdi.
Əhməd Necdət Sezər və Türkiyə nümayəndə heyətinin üzvləri Bakının mənzərəsini seyr etdilər.