RƏSMİ XRONİKA
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Litva Respublikasının Prezidenti Valdas Adamkus iyunun 8-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Ali qonağı və xanımını, nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Burada Litva Respublikasının Prezidenti Valdas Adamkusun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Valdas Adamkus Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Litva Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezident Valdas Adamkus Şəhidlər xiyabanının Xatirə kitabına ürək sözlərini yazdı.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi barədə məlumat verdi.
Sonra Litva rəhbəri Bakının mənzərəsini seyr etdi.