ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 14-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Tacikistanın dövlət başçısını və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan dövlətinin başçısı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Emoməli Rəhmon Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.