ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mayın 19-da Şəhidlər xiyabanını ziyarət etmişdir.
Türkmənistanın Prezidentini və nümayəndə heyətinin üzvlərini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarları üstünə gül-çiçək düzdülər.
Türkmənistanın dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.
######
