Şəhidlərin xatirəsinə ehtiram
Bakı, 11 sentyabr (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir İrakli Qaribaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.
Gürcüstanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazir İrakli Qaribaşviliyə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.