REGİONLAR
Şəhidlik zirvədir, ünvanı əbədiyyətdir...
Lənkəran, 26 avqust, Bağır Əliyev, AZƏRTAC
Vətənimizin müstəqilliyi, işğal altında olan torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Azərbaycan xalqı Qəhrəman xalqdır. Bunu 44 günlük Vətən müharibəsi bir daha sübut etdi...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Lənkəran rayonunun Boladi kənd sakini, Xüsusi Təyinatlı Qoşunların mayoru, şəhid İbadov Aqşin Nazim oğlunun doğum günü ilə əlaqədar keçirilən anım tədbirində səsləndirilib.
37-ci doğum günündə şəhidin yaşadığı evin həyətində onun üçün ehsan məclisi qurulmuşdu. Rayon ziyalıları, kənd camaatı şəhidin ailəsini ziyarət edib, onun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Aqşin İbadov Türkiyədə Hərbi Akademiyanı qırmızı diplomla bitirən azərbaycanlı hərbçilərdəndir. O, hərb sahəsində demək olar ki, bütün titulları əldə etmişdi, Azərbaycan hərb tarixinə öz adını qizil hərflərlə yazmağı bacarmışdı.
Vətən müharibəsində igid zabit Aqşin İbadov oktyabrın 19-da Hadrut-Zəngilan istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid İbadov Aqşin Nazim oğlu ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, medalları və 2-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Şəhidlər ölməz, unudulmaz... İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar...
Ömrünün 44 ilini şagirdlərin təlim və tərbiyəsinə həsr etmiş şəhid Aqşin İbadovun atası Nazim müəllim oğlu barədə bunları söylədi: “Təki Vətən sağ olsun! Şəhid atası olduğum üçün qürur hissi keçirirəm. Vətən naminə onlarla belə oğul fəda edərəm”.
Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da, qardaşlar da, həyat yoldaşı da “Vətən sağ olsun”, - deyir, oğlunun xatirə guşəsində şəkillərinin üstünə sərilən bayrağımızdan, onun əsgər yoldaşlarının xatirələrindən təskinlik tapırlar.
Şəhidlik zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, qəhrəmanlıq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala biliblər...