CƏMİYYƏT
“SƏHİYYƏ KOMMUNİKASİYASI MÜTƏXƏSSİSLƏRİ ÜÇÜN RƏHBƏR VƏSAİT” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Bakı, 8 avqust (AZƏRTAC). İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə kommunikasiyası mütəxəssisləri üçün rəhbər vəsait” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
İSİM və ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAİD) “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi”nin dəstəyi ilə çap edilən kitab ABŞ-ın Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi tərəfindən hazırlanmış nəşrin Azərbaycan dilinə tərcüməsidir.
Tədbirdə kitabda əhali arasında sağlamlığın təbliğatı üçün kommunikasiya strategiyasının hazırlanmasında addım-addım yanaşmanın göstərildiyi və bir neçə dünya ölkələrinin təcrübəsindən nümunələrin yer alması diqqətə çatdırılmışdır. Kommunikasiya mütəxəssisləri üçün nəzərdə tutulmuş bu nəşr, xüsusi əhali qrupları arasında sağlamlığın inkişaf etdirilməsində cəhdlərin istiqamətləndirilməsi üçün hərtərəfli praktik vasitələr və addımlar toplusudur.
Kitabın hər bir fəslində kömək məqsədi ilə təsvir olunmuş proseslər və konsepsiyaların tətbiq edilməsi üçün tapşırıqlar, nümunələr və köməkçi ifadələr yer almışdır.
Təqdimat mərasimində bir sıra ictimai fondların, elm mərkəzlərin nümayəndələri iştirak edirdilər.