REGİONLAR
Səhiyyə Nazirliyi media nümayəndələri üçün Şəkinin tibb müəssisələrinə media-tur təşkil edib
Şəki, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti barədə ictimaiyyəti tanış etmək məqsədilə bölgələrə media-turlar təşkil edir. İlk media-tur bu il noyabrın əvvəlində Lerik rayonuna reallaşıb. Media-turun növbəti ünvanı isə dekabrın 1-də Şəkinin tibb müəssisələri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur çərçivəsində media nümayəndələri əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Xəstəxana 2011-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Altı korpusdan ibarət olan xəstəxanada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.
Tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilib. Bloklarda xüsusi sensorlu monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət olunur.
Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov media təmsilçilərinə məlumat verib ki, hazırda rayonda 65 tibb müəssisəsi fəaliyyət göstərir. Rayonun tibb ocaqlarında 238 həkim və 1100 nəfər orta tibb işçisi çalışır. Onlar 185 min nəfər əhalinin sağlamlığının keşiyində dayanırlar. Cari ilin ötən 11 ayı ərzində tibb müəssisələrində 600 min nəfərə ambulator tibbi xidmət göstərilib, 8 min nəfər stasionar müalicəyə cəlb olunub. Mərkəzi Xəstəxananın 100 çarpayılıq cərrahiyyə korpusundan əlavə, şəhərin mərkəzində 320 çarpayılıq terapevtik korpus da fəaliyyət göstərir. Hazırda Şəkinin tibb müəssisələrində 620 çarpayı yeri var.
Rayonun tibb ocaqlarında başqa yerlərdən gələn gənc həkimlər üçün yaradılan şərait barədə məlumat verən Elçin Əmirov bildirib ki, bu il kənd müəssisələrində 6 yeni həkim işə götürülüb. Gənc mütəxəssislərin kənddə yaşayıb fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb, onlar otaq və məişət avadanlığı ilə təmin olunublar.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, son 8 ayda Şəkidə doğuş zamanı ana ölümü baş verməyib. Kənd tibb məntəqələrində doğuşa yardım xidməti təşkil olunub. Hamilə qadınlar 9 ay həkim nəzarətində olurlar. Ucqar dağ kəndlərində problemlər yarananda, mütəxəssislər gedib evlərində onlara baxır, müalicəyə cəlb edirlər. Şəkidə fəaliyyət göstərən Regional Perinatal Mərkəz 9 rayonun əhalisinə xidmət göstərir.
Qeyd olunub ki, Şəki endemik zona olduğundan əhali arasında zob xəstəliyinə daha çox rast gəlinir. Şəkidə region əhalisinə xidmət göstərən 70 çarpayılıq endokrinoloji şöbə də fəaliyyət göstərir. Hazırda rayonda 3343 nəfər şəkərli diabet xəstəsi var. Onlar dövlət tərəfindən zəruri dərmanlarla təmin olunurlar.
Media-tur çərçivəsində KİV nümayəndələri sonra Şəki Regional Perinatal Mərkəzə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıblar.
Növbəti media-turun Quba rayonunda keçirilməsi nəzərdə tutulur.